Yenə şəhid xəbəri, yenə Vətən ağlayır,
Yenə xalqın gözündə qanlı yaşlar çağlayır,
On dörd igid şahinim ürəkləri dağlayır.
Götür qara dumanı, son qoy bu itkimizə,
Allahım, yardım eylə, dözüm, səbr ver bizə.
Bəsdir şəhidlər verdik, yasa, matəmə batdıq,
Sevincləri dərdlərə, qanlı yaşlara qatdıq,
Şəhid məzarlıqlara sarı addımlar atdıq.
Od vuruldu yenidən bu yanar qəlbimizə,
Allahım, yardım eylə, dözüm, səbr ver bizə.
On dörd ana balasız, on dörd gəlin yarısız,
Neçə bala, nəvələr qaldı ata, babasız.
Bu, xainin işisə, qalsın susuz, havasız…
Bir də göstərmə bizə, son qoy bu dərdimizə,
Allahım, yardım eylə, dözüm, səbr ver bizə.
“Vətən candan əzizdir, Vətən başı sağ olsun,
Qoy, Vətənim azadlıq, bütövlük şansı alsın,
Mən dünyada qalmasam, Vətən yaşasın, qalsın”,-
Düşünərək şəhidlər can qoydu ölkəmizə,
Allahım, yardım eylə, dözüm, səbr ver bizə,
Allahım, yardım eylə, dərdləri çox gör bizə.
01.12.2021, s.13 ərəfəsi.