Bir il öncə təzəydi, indi oldu köhnə il,
Bir illik ömrü ilə verdi böyük bəhrə il.
Keçən il gözləyirdik, indi yola salırıq,
Özünün iz qoyduğu xatirəylə qalırıq.
Təzə nə var, köhnəlir, hökmüdür təbiətin,
Tarixlərin yoludur, anlamaq deyil çətin.
Təzə il köhnə olub həkk olunur tarixə,
Hər bir ayı, hər günü olur şanlı səhifə.
Təzə il gəlişiylə etsin bizi bəxtiyar,
Çiçəklənsin arzular, gəlsin eşqə duyğular.
Olsun bu zəfər ili, qoy Qarabağ alınsın,
Qızıl Qələbə ili tarixə həkk olunsun!