Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Zəfər günün mübarək, anam Azərbaycanım,
Zəfər ünün mübarək, canım Azərbaycanım,
Azad şənin mübarək, şanım Azərbaycanım!
Sənə Zəfər yaraşır, uca zirvələrdə ol,
Şan-şöhrətlə, qürurla qoca zirvələrdə ol!

Zəfərlərin çox olmuş, otuz ildə bu təkdir,
Qəzəblərdən, kinlərdən doğulmuş bir mələkdir,
Düşmən istehkamını dağıdan bir fələkdir.
Əhsən olsun yurdunun o mərd oğullarına,
Canını qurban verən comərd oğullarına!

Qan uddurdu düşmənə mübariz, sadiq Ordun,
Toy-büsata büründü o əsir, məhbus yurdun,
Qarşında düşmənlərin boynunu əydin, qırdın.
Eşq olsun o mübariz, o yenilməz Orduna,
Zəfər adı yaraşır o mübarək adına!

Şəhidlərin qanıyla Zəfər sözün həkk etdi,
Tarixin yaddaşına, dağa, daşa bərkitdi,
Şəhadət körpüsüylə bu dünyanı tərk etdi.
Şəhidlərin mərdliyi mərd başını ucaldır,
Cənnətin quşlarıdır, məqamları ucadır!

03.11.2021, saat 12:40