Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Cananını atıb gedən bir aşiqə “gəl” demərəm,
İlqarsızı aşiq sayan gözələ gözəl demərəm.

Köməksizə əl uzatmaq Əlidəndir miras bizə,
Sədaqətlə uzanmayan heç bir ələ əl demərəm.

Əməl var ki, tarix qurur, əməl var ki, zərbə vurur,
Tarixlərə həkk olmayan əmələ əməl demərəm.

Bünövrədir təməl daşı, qranitdən olsun gərək,
Qırıq-sökük daşdan olan təmələ təməl demərəm.

O qəzəldir məclislərdə tanıtdıran qəzəlxanı,
Ürək açıb, səs salmayan qəzələ qəzəl demərəm.

Son zəfərdir, Solmaz, deyə, hər əzəlin nəhayəti,
Axırı xoş, xeyir olmaz əzələ əzəl demərəm.