Üzündə təbəssüm, gözündə sevinc,
Sanki körpə qanır, baxır sakit, dinc.
Atası, anası dəyanətli gənc,
Türkün, əcdadının şəstin doğruldur,
Bozqurdun balası, türkün oğludur!
Elə bil, altı gün darda qalmamış,
Elə bil, hər yanın uçuq almamış,
Yeməksiz, içməksiz, evsiz olmamış.
Getdiyi dəyanət, mərdlik yoludur,
Bozqurdun balası, türkün oğludur!
Mələklər körpəyə analıq etmiş,
Laylayla, sığalla dadına yetmiş,
Allahın nuruyla zülmətlər itmiş.
Haqqın, ədalətin hökmü doğrudur,
Bozqurdun balası, türkün oğludur!
Tanrı möcüzəsi, kəramətidir,
Tanrı mərhəməti, ədalətidir,
Tanrı nə istəsə, onu da edir.
Görk olsun hamıya, Tanrı Uludur,
Bozqurdun balası, türkün oğludur!
Solmaz Şirin