Əvvəlcə bütün Azərbaycan qadınlarımızı Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir, möhkəm can sağlığı, iradə, təmkin, zərif çiyinlərində daşıdıqları ailə, məişət qayğılarının keşiyində həmişə mətin və sayıq olmağı arzulayıram.
Qadın adı çox şərəfli və məsuliyyətli addır. Azərbaycan qadını bütün əsrlər boyu sədaqət, iradə və mətinliyi ilə başqa xalqların qadınlarından seçilmişdir. At belində kişilərlə çiyin-çiyinə döyüşən nənələrimiz Nigar, Həcər, Tomiris, Natəvan və s. adları qəhrəmanlıq salnaməsinin daş yaddaşına həkk edilmiş qadınlarımız olmuşdur.
Abır, həya, ismət, sədaqət yaranış dövründən qadınlarımıza xas olan ən müqəddəs və ən önəmli xüsusiyyətlərdəndir. Qız-gəlinlərimiz orduda, müharibədə olan nişanlı və ərlərini məhəbbətlə, sədaqətlə gözləmiş, təmiz ad, qadınlıq ləyaqətlərini mərd-mərdanə doğrultmuşlar. Hətta müharibələrdə itkin düşmüş sevgililərinin yolunu ümid və namus-qeyrətlə gözləyərək saç ağartmış, dünyalarını dəyişmişlər.
Hər şeydən öncə qadın – yaradan, yaşadan, tərbiyə verəndir, ANADIR.
Bax, belə dəyanətli olmuş, bu xüsusiyyətləri ilə seçilmişdir Azərbaycan, müsəlman qadını!
Lakin indiki dövrdə bəzi qadınlarımız müasirlik adı altında bu ənənəni pozaraq özlərini başqa millətin qadınlarına oxşadır, Avropa mədəniyyəti və geyiminə üstünlük verib milli mentalitetimizə uyğun olmayan açıq-saçıq geyimdə gəzir, saç, qaş və sifətlərininin rəngini dəyişərək özlərini başqa millət qadınlarına bənzədirlər. Bunu bilməliyik ki, hər milləti Allah onun özünə rəva bildiyi rəngdə, formada yaradır, lazım bilsəydi, Allah bizi də sarısaç, sarıqaş, kürən yaradardı. Min şükür ki, Allah-təala azərbaycanlı qadınları ağ sifətdə qara qaş, göz, saçla, xüsusi zövq və gözəlliklə yaradıb. Gözəl qadınlarımız, gəlin, Allahın bizi daha çox sevib daha çox verdiyi gözəlliyin qədrini bilək, onu qiymətləndirərək Tanrımıza şükür edək. Qədrini bilmədiyin şeyi Allah əlindən alar.
Bildiyimiz kimi, hər bir millət öz rəngi, dili, dini, məsləki, adət-ənənələri və geyimi ilə fərqlənir. Müasirlik başqa millətlərin geyim, adət-ənənələrinə keçməkdə və özününküləri itirməkdə deyil. Müasirlik – nənə-babalarımızdan miras qalan adət-ənənə və geyim formasını əsasını saxlamaqla yeniləşdirməkdir.
Mən qadınlarımiza nümunə olaraq hamımızın sevimlisi, Respublikamızın Xalq artisti gözəl Zeynəb Xanlarovanı göstərmək istəyirəm. O, istər geyimi, istərsə də saç rəngi və düzümü ilə gəncliyindən bu vaxta qədər həm ölkəmiz daxilində, həm də onun hüdudlarından kənarda əsl Azərbaycan qadınını Allahın yaratdığı kimi təmsil etmiş, onun başqa xalqlar arasında ən gözəl olduğunu nümayiş etdirmişdir.
Zeynəb xanım Allahın ona verdiyi gözəlliyi olduğu kimi qəbul edib, qədrini bilərək qoruyub saxladığı üçün daha da gözəlləşmiş və gözəlləşəcəkdir. Allah saxlasın belə qadınlarımızı!
Gəlin, başqa millətlərə xas olan rəng, geyim və hərəkətlərə uymayaq, şəhərdə, küçədə yad kişilər qarşısında yarıçılpaq vəziyyətdə görünməyək, vücudumuz, gözəlliyimiz, ismət və adət-ənənəmizin qədrini bilək, onları ucuzlaşdırmayaq. Daha doğrusu, özümüzə, milli qadınlıq ləyaqəti və qürurumuza, davranışımıza, analıq şərəfimizə qiymət verməyi bacaraq.
Solmaz Şirin