Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Əməl var ki, yurdlar qurur, əməl var ki, viran qoyur,
Evlər qurub ucaltmayan əmələ əməl demərəm.

Cananını atıb gedən aşiq əsla aşiq deyil,
O aşiqi aşiq sayan gözələ gözəl demərəm.

Köməksizə əl uzatmaq Əlidəndir miras bizə,
Kömək üçün uzanmayan gödək ələ əl demərəm.

Təməl daşdan olsun gərək, büdrəməsin axıradək,
Özülü boş, çürük olan təmələ təməl demərəm.

Bünövrədir təməl daşı, əzəl axırın dayağı,
Axırı bəd, viran olmuş əzələ əzəl demərəm.

Solmaz deyir: hər qəzəldən ibrət dərsi alaq gərək,
Öyüd-nəsihət verməyən qəzələ qəzəl demərəm.