Görəsən, nə üçün bəxş etmiş Tanrı,
Bizi bu dünyaya, verərək can, qan?
O biri dünyanı yaratmaqçınmı,
Şirin canımızı edirik qurban?
Gətirir dünyaya verərək meydan,
Hər kəsə hünərin göstərmək üçün.
Birin mələk edir, o birin şeytan,
Cənnət, cəhənnəmə göndərmək üçün.
İmtahan eləyir Tanrı bizləri,
Mizan tərəzinin gözünə qoyub,
Seçir əyriləri, seçir düzləri,
Hərənin savabın, günahın sayıb.
Dünyadan köçəni sanırıq yazıq,
Dünyadan şikayət eyləsək də biz.
Bəlkə vərdiş edib fani dünyaya,
Əbədi dünyanı tutmur qəlbimiz.