Düz söz söylə, əyrini gətirmə heç dilinə,
Düz əyrini kəsibdir, şübhə yoxdur əlinə.
Düz söz iti oraqdır, biçib-tökər əyrini,
Düz söz zindan çəkicdir, əzib-sökər əyrini.
Düz söz dili uzadar, uca edər başını,
Düz gümüş xəncər olub kəsər əyri daşını.
Düz ən iti qılıncdır, batar əyri gözünə,
Tez əriyər, məhv olar əyri özü-özünə.
Düz incələr, üzülməz, düz əyilməz, yıxılmaz,
Düz zirvələr fəth edər, düzə heç zaval olmaz.
Allah düzlük buyurur, Solmaz, düzü qoruyur,
Düzün yolu düz olur, qazanır şöhrət, uğur.